Azərbaycanda COVID-19-un yayıldığı ilk gündən tibb sahəsində çalışanlar xüsusi gücləndirilmiş iş rejimində çalışmağa başladılar. Yoluxma ehtimalı olan vətəndaşlarla ilk təmasda da elə Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyalarında çalışanlardır. Bir insanın həyatda qalması üçün ona qısa zaman ərzində yardım edilməsi vacib şərtlərdəndir. Bunu əksər hallarda adi vətəndaşlar bacarmadığından, iş aidiyyəti üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadalarının üzərinə düşür. Hazırki dönəmdə isə onlar çağırışa gedərkən bir deyil, onlarla insanın xilas edilməsi üçün öz canından da keçməyini göz önünə alırlar desək, yanılmarıq.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə baş həkimin müavini Nuridə Fətəliyeva bildirib ki, hər bölmə üçün xüsusi avtomobillər və briqadalar ayrılıb: “Həmin briqadalar xüsusi geyimdə çağırışlarımızı icra edirlər. Hərarəti yüksək olan xəstələr xüsusi geyim geyinmiş briqadaya ötürülür. Bəzən olur ki, xəstə özündə temperaturun olmasını hiss eləmir və ya düzgün məlumat vermir.Bu zaman əgər adi briqada ünvana gedibsə və görürki xəstənin hərarəti yüksəkdir dərhal ünvandan çıxır. Bundan sonra həmin ünvana xüsusi geyimli briqadanı çağrılır.”
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışanlar qeyd edirlər ki, koronavirus infeksiyasına görə daim ayıq-sayıq olurlar. Stansiyanın əməkdaşı Gülnar Babayeva bildirir ki, adi çağırış olsa belə, buna ciddi yanaşır və virusun simptomları ilə bağlı muraciət edən şəxsə suallar ünvanlayırlar: “Adi günlərdə özləri cavab verirdilər. Hazırda isə baş ağrısı, təzyiq və ya hər hansı bir yara da olsa, yenə soruşuruq. Hər tərəfli aydınlaşdırırıq. Qızdırma varmı, varsa neçə gündür davam edir? Xəstəxanaya gedibsə, kiminlə əlaqədə olub?”
Qeyd edək ki, çağırışa hazırlaşan tibbi briqada xüsusi geyimlərdən istifadə edir. Buna baxmayaraq, çağırışdan sonra da qorunma tədbirləri görülür. Belə ki, istifadə edilən birdəfəlik vasitələr dezinfeksiya olunaraq xüsusi formada atılır.
Koronavirusun bütün dünyanı cənginə aldığı bir vaxtda bəzi vətəndaşlar hələ də buna inanmamağa çalışır. Həmin şəxslər isə karantin qaydalarına əməl etməməklə və günün istənilən vaxtı çölə çıxmaqla yoluxma ehtimalı ilə üzləşirlər. Özümüzü və ətrafdakıları qorumaq üçün evdə qalmağımız tövsiyə edilir. Əks halda koronavirusa yoluxma diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadasının əməkdaşlarının evimizə gəlməsi qaçılmaz olacaq.